• +994 51 341 4340
  • Aşıq Alı 2A, Nərimanov rayonu
30 Noyabr 2020

Süni İntellekt Elminin tətbiqinin Azərbaycandakı mövcud vəziyyəti, İmkanlar, Çatışmazlıqlar və təkliflər istiqamətində Analitik təhlil


Analitik təhlil | Etibar Hüseynli |
image

"Data Elmi və Süni İntellekt yeni sənaye dövrünün zərurətidir. Bu istiqamətdə uğurlu fəaliyyəti təmin edə bilən dövlətlər gələcək dünyanın yeni güc mərkəzlərini formalaşdıracaq."

Müasir Süni İntellekt metodları yeni biznes imkanlarının yaradılması və  qurumların effektiv idarə edilməsi istiqamətində geniş imkanlar vəd edir. Bu yazı  Azərbaycanda Süni İntellekt imkanlarını, Süni İntellektin inkişafı istiqamətində çatışmazlıqları və problemlərin həlli istiqamətində təklifləri özündə cəmləşdirir.

 

Ölkədə gələcək üçün böyük perspektiv vəd edən Süni İntellekt İmkanları
 

Süni İntellekt və Data Elminin tətbiqi iki əsas istiqamətdə ölkəmizə böyük imkanlar vəd edir.


1) Data əsaslı İdarəetmə

2) Süni İntellekt əsaslı yeni ağıllı məhsullar yaradılaraq ölkədə texnologiya və innovasiya əsaslı Bizneslərin inkişaf etdirilməsi


1) Data əsaslı İdarəetmə


ABŞ-da şəhər meri olaraq çalışan Martin O'Malley-nin "Data Əsaslı Dövlət idarəetməsi" barədə fikirlərinə nəzər yetirmək sizlər üçün maraqlı olacaq.


Şəhəri data əsasında idarə edən və bunun nəticəsində cinayətkarlığın azalmasında, yeni iş yerlərinin yaradılmasında, səhiyyə və təhsil sahəsində çox böyük uğurlar əldə edən Martin O'Malley çox vacib məqamlara toxunur:


"Data əsaslı idarəetmə ilə performansa nəzarət mexanizmi bizim mükəmməl idarəetmə sistemimizin əsasını təşkil edir. İdarəetmədə bu yanaşmalar yeni üsulda idarəetmə sistemi və yeni tərzdə liderlik hesab edilə bilər. Müasir dövrdə rəhbərlər hesabatlılığı, problemlərə sahibkar yanaşmasını, komanda işini, yüksək texnologiyaları, ağıllı xəritələri və GİS-i mənimsəməlidirlər. Həmişə sınadığınız üsul problemi həll etmirsə yeni üsullar sınamaq lazımdır. Biz də belə etdik. Nəyə dəyər veririksə onu ölçməliyik. Ölçdüklərimizə əhəmiyyət verməliyik" deyən mer Amerikada data əsaslı dövlət idarəetməsinin əsas 5 hədəfini qeyd edib .
 

1) Yeni iş yerlərinin yaradılması

2) Vətəndaş təhlükəsizliyinin təmin edilməsi

3) Əhalinin təhsil və bacarıqlarının inkişaf etdirilməsi

4) Yaşam tərzlərinin davamlılığının qorunması

5) Səhiyyə və rifahlarının inkişaf etdirilməsi

 

2)  Süni İntellekt əsaslı Yeni Texnologiya biznesləri


Hilton otellər şəbəkəsinin robotu "Connie" müştərilərin suallarını cavablandıra bilir və artıq fəaliyyətdədir. İngiltərədə "Arnold" adlı robot artıq insanlar arasında sorğular keçirib, təhlillər əsasında nəticələr təqdim edə bilir. İngiltərədə insanlar tərəfindən edilən çirkli işlər artıq robotlar tərəfindən icra edilməyə başlanılıb. Wallmartda bəzi insan işlərini artıq robotlar icra edir. Robot dərs deyir, Robot xəbərləri təqdim edir. Robot yemək bişirir. Robot həkim əvəzinə müalicə və cərrahiyyə əməliyyatları icra edir. Robot döyüşçü kimi fəaliyyət göstərir. 2-ci Qarabağ müharibəsinə əvəzsiz töfhə verən Bayraktar SİHA-larının Süni İntellekt əsasları ilə çalışdığını bilirdiniz mi? Süni İntellekt və Data elminin ölkəmizə qata biləcəyi digər ən böyük dəyər məhz belə yeni Süni İntellekt əsaslı bizneslərin qurulmasıdır.  Bu gün dünyada büdcəsi ölkələrin büdcəsindən dəfələrlə böyük olan və son illərdə yaranmış yüzlərlə Süni İntellekt əsaslı texnologiya həllərini sadalamaq olar. Düşünülə bilər ki, Qərbdə texnologiya çox inkişaf edib və bizim bənzər uğurlara nail olmağımız çətin olacaqdır. Lakin bu heç də belə deyil. Bir çox süni intellekt əsaslı böyük uğur qazanmış startapların məhz gənclər tərəfindən yaradılması faktı və digər bu istiqamətdəki tədqiqatlar bizə deməyə əsas verir ki, Avropadakı bənzər Tədris, Praktika və İnnovasiya mühiti və vərdişləri Azərbaycanda  düzgün idarəetmə yanaşmaları ilə tətbiq edilərsə bənzər nailiyyətlərin əldə olunması  elə də çətin deyil. Bəs düzgün yanaşmalar dedikdə nələr nəzərdə tutulur? Qərbdəki uğurları qazanmağımız üçün əsas çatışmazlıqlar hansılardır? Bu problemləri necə həll edə bilərik? Bu kimi sualların cavabını öyrənmək üçün oxumağa davam edək.
 

Çatışmazlıqlar
 

Süni İntellekt və Data Elminin inkişaf etdiyi qərb ölkələri ilə Azərbaycanı müqayisə etdikdə bizdə aradan qaldırılması zəruri olan çatışmazlıqlar aşağıdakılardır.


1) Dövlətin Süni İntellekt və Data Strategiyasının və ümumiyyətlə bu strategiyanı müəyyən edən və idarə edən dövlət qurumunun mövcud olmaması

2) Yerli Süni İntellekt kadrlarının inkişafı istiqamətində dövlət strategiyasının mövcud olmaması

3) Data Təhlükəsizliyi üzrə qanunvericiliyin müasir standartlara uyğunlaşdırılmaması və GDPR-ın tətbiq edilməməsi4) Tədris Sistemi ilə bağlı çatışmazlıqlar

5) Ölkədə Süni İntellekt üzrə vahid platformanın olmaması

6) Müasir bacarıqlar və vərdişlərin inkişaf etdirilməsi istiqamətində  məktəb səviyyəsində vahid tədris proqramının yeni fəaliyyətə başlaması və yetərli nəticələr verməməsi

7) Qurumlar və Akademiyalar arasında əməkdaşlığın zəif olması


1)Dövlətin Süni İntellekt və Data Strategiyasının və ümumiyyətlə bu strategiyanı müəyyən edən və idarə edən dövlət qurumunun mövcud olmaması


Dünyanın inkişaf etmiş dövlətləri artıq yeni dövrün başladığını və hər sahədə rəqabət üstünlüyünü yalnız Süni İntellekt üsulları ilə əldə oluna biləcəyini yaxşı anlayırlar. Məhz bu səbəbdən inkişaf etmiş ölkələrin həyata keçirdikləri ən prioritet və zəruri fəaliyyət dövlət səviyyəsində Data və Süni İntellekt Strategiyasını hazırlayacaq və və bu yeni elmin ölkədə tətbiq edilməsini və öyrənilməsini inkişaf etdirəcək vahid qurumun yaradılması olur. Mən bu qurumların məqsədləri haqqında geniş danışmaq istəmirəm. Bu istiqamətdə digər yazılarımızda daha geniş məlumat vermişik. Araşdırmanız üçün Amerikanın müvafiq dövlət data strategiyası qurumunun veb saytını sizlərlə bölüşürəm.
 

Federal Data Strategy https://strategy.data.gov/  


Sayta daxil olaraq Amerika dövlətinin data strategiyası və bu istiqamətdə həyata keçiriləcək fəaliyyət planı ilə tanış ola bilərsiniz. Qısa şəkildə xülasə edim ki, bu qurum  Amerika dövlətinin  data strategiyasını hazırlamaqla qalmır və bütün dövlət qurumlarında bu prosesi sürətləndirəcək fəaliyyətlərin bir başa Dövlət Rəhbərliyinin dəstəyi ilə həyata keçirilməsini təşkil edir.
 

2) Yerli Süni İntellekt kadrlarının inkişafı istiqamətində dövlət strategiyasının mövcud olmaması
 

Data və Süni intellekt elmi yeni elm sahəsi olduğundan bu sahədə mütəxəssis çatışmazlığı böyükdür. Bu səbəblə Dövlətlər bu elmin tətbiqi istiqamətində kadrların formalaşması üçün fəaliyyətlər həyata keçirir. Məhz effektiv kadr strategiyasının qurulması Data və Süni İntellekt elminin uğurlu tətbiq edilməsi istiqamətində həyata keçirilməli ilkin vacib addım olacaqdır.


3) Data Təhlükəsizliyi və GDPR əsaslı qanunvericiliyin mövcud olmaması
 

Ölkəmizdə Data resurslarından və imkanlardan istifadə etmək üçün ən böyük maneələrdən biri Data Təhlükəsizliyi istiqamətində qanunvericiliyin hələ mövcud və işlək olmamasıdır. Müxtəlif dövlət və biznes qurumlarının müxtəlif idarəetmə problemlərini effektiv həll etmələri üçün əksər hallarda öz aralarında məlumat mübadiləsinə ehtiyac yarana bilir. Bu cür mübadilə qərbdə qarşılıqlı maraqlar əsasında tənzimlənir. Yəni qurum öz datalarını pul qarşılığında sata bilir. (Data Monetization) Beləliklə həm qazanc əldə edilir, həm də digər qurum bu məlumatlardan təyinatı üzrə istifadə edərək cəmiyyət üçün faydalı bir çox layihələri icra edə bilir.


Əlbəttə məlumatların paylaşılması özlüyündə təhlükəsizlik və məxfilik kimi məsələləri gündəmə gətirir. Məlumatların istifadəsi və qorunması ilə bağlı Avropada qəbul edilən GDPR əsaslı qanunların tətbiqinə ölkəmizdə balşanılması bir çox riskləri və problemləri aradan qaldıracaqdır. Beləliklə qurumlar daha çox məlumata çıxış əldə edə biləcək və bu, müxtəlif problemlərin daha səmərəli həll olunması və  müxtəlif problemlərin həllinə istiqamətlənmiş data əsaslı yeni məhsulların və bizneslərin yaranması ilə nəticələnəcəkdir.  


4)    Tədris Sistemi ilə bağlı çatışmazlıqlar


Dünyada böyük uğur qazanmış bir çox Süni İntellekt əsaslı startapların tələbələr tərəfindən yaradıldığının şahidi oluruq. O tələbələr uğurlarını düzgün qurulmuş təhsil sistemlərinə borcludurlar. Ölkə iqtisadiyyatı da, təhsil sisteminin nailiyyətlərindən öz faydasını götürür. Həm ixtisaslı kadrlar yetişir həm də ölkəyə böyük gəlir qazandıran innovasiya və texnologiya məhsulları yaranır.
 

Bəs bizdə vəziyyət necədir ?


Doğrudur Azərbaycan Universitetlərində hər keçən gün daha yaxşı nəticəni görmək çətin deyil. İnkişaf var. Lakin cari vəziyyət ilə arzu edilən arasında hələ də kəskin fərq mövcuddur.

Universitetlərdə keyfiyyətli mütəxəssisləri müəllim kimi cəlb edə biləcək mexanizmin olmaması səbəbindən bir çox universitetlərimiz həyatında bir dəfə maliyyə hesabatı görməyən maliyyə müəllimləri, statistika sözünün mənasını bilməyən statistika müəllimləri və bu gün heç kimə lazım olmayan 1970-ci illərin kompyuter texnologiyasını tədris edən texnologiya müəllimləri ilə doludur. Aşağı əmək haqqı və təhsilin keyfiyyətsiz idarə edilməsi ucbatından əsl mütəxəssisi cəlb edə bilməyən universitet idarəçilərinin dadına özünə belə faydası dəyməyən belə müəllimlər çatır. Başa düşürəm, o müəllimlər də pul qazanmalıdır və yaşamalıdır. Lakin xərcini cəmiyyət və gələcəyimiz dəfələrlə çox çəkir və çəkəcək. Öz işində peşəkar təcrübəyə sahib mütəxəssislər üçün belə mühitdə tədris etmək daha çətin olur və belə mütəxəssislər universitetləri tərk etməyə də meyilli olurlar.
 

Əksər hallarda Universitetlərin elmi tədqiqatçıları real problemləri tədqiq etmir. Beynəlxalq standartlara cavab verən yerli mütəxəssislərimiz mövcud olsa da, onlar əksər hallarda universitetlərə maraq göstərmirlər.  Universitetlərdəki idarəetmə mexanizmi və ənənələr ümumiyyətlə onlara cəlb edici deyil. Bu səbəblə həmin mütəxəssislər Azərbaycan təhsil sistemində az təmsil olunurlar.
 

Ölkənin müasir dövlət və biznes qurumları ilə eyni dili danışa biləcək müasir universitet idarəçilərimiz azdır. Bu pozisiyaya uyğun şəxslər çoxdur, lakin ali təhsil müəsisələrində idarəetmə mexanizmi biznes əsasları ilə qurulmadığından keyfiyyətli kadra Universitetlərdə lazımı tələb yaranmır.

Əlbəttə hər keçən gün Universitetlərimiz inkişaf edir. Lakin bəzi universitetlərdə inkişaf sürəti aşağıdır və müasir innovasiya və texnologiyaları tətbiq edə biləcək kadrları yetişdirmək üçün daha əsaslı islahatlara ehtiyac var. 

 

Universitetlər və iş dünyası arasında əlaqələr Qərb ilə müqayisədə çox aşağı səviyyədədir.  Sirr deyil ki, ölkəmizdə kifayət qədər yüksək peşəkarlığa malik şəxslər özəl şirkətlərdə  və müasir dövlət qurumlarında çalışırlar. Ölkəmizdə dövlət və özəl qurumlar arasında müasir və peşəkar ənənələrlə fəaliyyət göstərən qurumlar da az deyil. Lakin bu qurumların akademiyalarla əlaqlələri əksər hallarda dayanıqlı və davamlı olmur. 
 

Qərbdə iş dünyasının tədqiqat və təlim ehtiyacları əksər hallarda  Universitetlər tərəfindən qarşılanır.  Belə ekosistemdə universitetlər üçün peşəkar mütəxəssislər, peşəkar mütəxəssislər üçün Universitetlər hər cəhətdən cəlbedicidir. Belə əməkdaşlıq müasir Texnologiyalar ekosisteminin ən zəruri tələbidir.  Universitetlərimiz ölkədəki tədqiqat və tədris ehtiyaclarını müasir standartlarla tam ödəyə bilmədiyindən  əksər yerli müasir dövlət və biznes qurumları Universitetlərlə tədris və tədqiqatlar istiqamətində əməkdaşlıq etmək əvəzinə öz daxillərində tədris mərkəzləri və tədqiat mərkəzləri yaradaraq tədrisə və tədqiqata kifayət qədər yüksək məbləğdə vəsait xərcləyirlər. Onlar öz daxilllərində müasir üsullarla keyfiyyətli tədqiqat və tədrisi uğurlu şəkildə həyata keçirə bilirlər.


5)    Ölkədə Süni İntellekt üzrə vahid platformanın olmaması


Süni İntellekt çox böyük və fərqli alt qolları olan mürəkkəb elm sahəsidir. Azərbaycanda Süni İntellekti tətbiq edə bilən qurumlar Süni İntellektin bir və ya ən yaxşı halda iki sahəsində ixtisaslaşa bilir. Bəzi qurumlar Böyük Datalarla işləyə biləcək mühəndislik arxitekturasını qurmağa fokuslanır, bəzi qurumlar məhz Vizual təhlillər icra etməyi həyata keçirir. Bəziləri  tədqiqat istiqamətində, bəziləri isə Süni İntellektin tamamilə ayrı sahəsində fəaliyyət göstərir. Əslində bütün bu qurumların və kadrların bir birləri ilə koordinasiya içində olması onların birgə daha böyük qlobal uğurları əldə etmələrinə səbəb ola bilər. Bu həm də ölkəmizdə Süni İntellekt ehtiyaclarının daha effektiv təmin edilməsinə və bu elmin inkişafının öz yerli mütəxəssislərimiz tərəfindən həyata keçirlməsinə münbit şərait yarada bilər. Azərbaycan şirkətləri və dövlət qurumları hər il külli miqdarda vəsaiti məhz xarici data elmi üzrə konsultantlara xərcləyirlər. Ölkədəki Süni İntellekt təşəbbüslərini əlaqələndirən və stimullaşdıran vahid mərkəz mövcud olarsa bu platforma daxilində Süni İntellekt və Data Elmi sahəsində fəaliyyət göstərən Akademiyalar, Şirkətlər və Tədqiqat mərkəzləri birgə fəaliyyət göstərərə bilər. Beləliklə ölkənin yerli Süni İntellekt ehtiyaclarını yerli mütəxəssislərlə təmin etmək mümkün ola bilər. Burda məhz Türkiyə lideri Recep Tayyib Ərdoğanın bu cümləsini qeyd etməyi vacib hesab edirəm.

“Data ilə bağlı layihələri xarici şirkətlərə vermək ölkənizin sərhədlərini xarici əsgərlərə əmanət etməyə bərabərdir”


6)    Müasir bacarıqlar və vərdişlərin inkişaf etdirilməsi istiqamətində  məktəb səviyyəsində vahid tədris proqramının yetərli olmaması


Texnologiya və İnnovasiya sahəsində uğuru təmin edən əsas vərdişlərə Paylaşma, Əməkdaşlıq, Komanda ruhu, İnam və qarşılıqlı maraqlar (Kommersiya) səbəb olur. İnkişaf etmiş ölkələrdə belə vərdişlər məhz uşaqlıqdan inkişaf etdirilir.  Müşahidəm əsasında qeyd edə bilərəm ki, təəssüf ki belə müsbət vərdişlər MDB məkanında daha zəif inkişaf edir. Sirr deyil ki, biznes və kommersiya qaydaları, idarə etmə üsullarını effektiv etməkdə görünməz gücə malikdir. Məhz bu səbəblə, Amerika və digər qərb ölkələri hətta əksər dövlət qurumlarını belə biznes əsasları ilə idarə edir ki, səmərəlilik yüksək olsun və nəticələrə daha effektiv nail oluna bilinsin.

Belə qurumda çalışan insanların hamısını bir araya gətirən ülvi məqsəd biznes maraqları olur. Müəsisə də gəlir qazanmağı hədəflədiyindən daima ən yaxşı işçiləri seçməyi və daha keyfiyyətli xidmət göstərməyi hədəfləyir. Nəticədə rəqabət üstünlüyü əldə edilsin. Bazarda sağ qalsın və inkişaf etsin. Biznes barədə çox danışmaq istəmirəm. Uzun sözün qısası, biznes modeli ilə idarə etmənin məqsədi odur ki, əgər qurum məhz öz fəaliyyəti ilə pul qazana bilmirsə deməli dəyər formalaşdıra bilmir. Bu cür kommersiya qaydaları ilə idarə etməyə keçidi məhz Təhsil Qurumları ilə başlamaq ən doğru addım olardı.
 

Digər vərdiş isə əməkdaşlıqa və komanda ilə işləməyə meyillilikdir. Böyük uğurlar əməkdaşlıqlar əsasında qurulur. İnam və etibar olmadan əməkdaşlıq mümkün deyil. Qərbdə bir birinə rəqib olan qurumlar belə bir məqsəd ətrafında birləşərək komanda olmağı məharətlə bacara bilirlər.  Bunun səbəbi onların hətta bağça və məktəb illərindən şüuraltı şəkildə yetişdirilmə formalarıdır. Hansı ki uğura köklənməni təmin edən bütün əsas vərdişlər tədris proqramının əsas məqsədi hesab edilir. Son zamanlar ölkəmizdə məktəb tədris formatı kurrikulum sisteminə keçid etmişdir. Əslində bu sistem əvvəlki ilə müqayisədə şagirdlərə məhz müasir vərdiş və bacarıqları qazandırmağı daha çox hədəfləyir. Lakin bu tədris sisteminin yetərli olub olmaması müəyyən deyil. Tədris siteminin icrası və nəzarət mexanizminin inkişaf etdirilməsi istiqamətində hələ də  müasir və yenilikçi fəaliyyətlərə böyük ehtiyac var.



7)    Bizneslər və Akademiyalar arasında əməkdaşlığın zəif olması


Universitetlərdəki keyfiyyət problemləri, İş dünyası və Universitetlər arasındakı zəruri olan əməkdaşlığı zəiflədir. Halbuki Amerikada, Avropada  nəhəng şirkətlərin və dövlət qurumlarının ən vacib tədqiqatları məhz Universitet daxilində fəaliyyət göstərən tədqiqat mərkəzləri tərəfindən həyata keçirilir. Stanford Universitetində dərs deyən müəllim, dərsdən çıxır Silikon Vadisində yerləşən özünə məxsus şirkətinin başına keçərək idarə etməyə başlayır. Tədqiqatçı alim kəşf etdiyi yenilikdən dərhal pul qazanmağı bacarır və orada bilikdən praktikada geniş istifadə edilir. Bizdə Sənaye və Universitet arasında olan uçurum o qədər kəskindir ki, bir çox hallarda müəllimlər hətta öz tədris etdiyi sahənin real tətbiqindən özləri də məlumatsız ola bilir.  Heç bir praktiki bacarığı olmayan və sadəcə kitablardan oxuduğu bilikləri tədris edən müəllimlərdən texnologiya yaradan tələbələr yetişdirməsini gözləmək əbəs olardı. Son zamanlar bəzi yerli Universitetlərdə praktikalar və internatura proqramları inkişaf etməyə başlayır. Lakin arzu olunan mənzərə ilə cari mənzərə arasında hələ də kəskin fərqlər mövcuddur.


Məsləhətlər:


1) Dövlətin Süni İntellekt və Data Agentliyi yaradılmalı və Dövlətin Süni İntellekt Strategiyası hazırlanmalıdır.

2) Dövlətin Süni İntellekt Kadr strategiyası hazırlanmalıdır

3) Şəxsi dataların qorunması haqqında qanuna əlavələr edilməli və GDPR praktikaları tətbiq edilməlidir. 

4) Ölkədə Süni İntellekt üzrə təşəbbüsləri Koordinasiya edən və dəstəkləyən vahid platforma yaradılmalıdır.

5) Universitetlərin idarəedilməsi biznes qaydaları ilə həyata keçirilməli və Universitet rəhbərləri biznes bacarıqları olan qərb təhsilli və təcrübəli mütəxəssislər arasından seçilməlidir. Nəinki hər universitetə, hətta hər kafedraya müstəqil biznes kimi yanaşılmalı, kafedranın müstəqil gəlir qazanmasına şərait yaradılmalı və kafedranın qazancından müəllimlərə istədiyi əmək haqqını təyin edə bilmə səlahiyyəti verilməlidir. Tələb təklif münasibətləri keyfiyyətli tədrisi daima təmin edəcəkdir.

6) Universitetlərdə, məktəblərdə və hətta bağçalarda müasir dövrdə uğur qazanmağı dəstəkləyən vərdişlərin yaradılması istiqamətində kurrikulumlara əlavələr edilməlidir.

7) Bizneslər və Akademiyalar arasında əməkdaşlıq qurulmalı və yerli dövlət və biznes qurumları Universitet tədqiqat mərkəzlərinə real biznes sifarişləri verməlidir. Təbii ki, bundan əvvəl Universitetlərdə real keyfiyyətin təmin etdirilməsi məqsədi ilə idarəetmə sistemi inkişaf etdirilməlidir.

Fikir Bildir: